Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2025-ci ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib

04 iyul 2025 | 16:59 194

Cari ilin 3 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2025-ci ilin birinci yarımili üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib.

İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov cari ilin birinci yarımili üzrə Mərkəzin fəaliyyəti, onun işinin təşkili, kadrların komplektləşdirilməsi, həmçinin fəaliyyət istiqamətləri ilə əlaqədar görülmüş işlər, gələcək hədəflər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

Mərkəzin ötən yarımildə Nizamnaməsinə müvafiq olaraq hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertiza fəaliyyətinin həyata keçirilməsi, müvafiq hüquqi rəylərin, arayışların hazırlanması, habelə peşəkar hüquqi tərcümə işinin təşkili istiqamətində gördüyü işlər və bununla əlaqədar statistik məlumatlar diqqətə çatdırılıb.

Eyni zamanda Mərkəz tərəfindən sözügedən dövr ərzində dövlət qurumlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi bilik, təcrübə və səriştələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilmiş təlim, o cümlədən iştirakçılar, onların sayı və digər zəruri məqamlar haqqında da ətraflı məlumat verilib.

Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mərkəz tərəfindən görülmüş və planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat təqdim edilib. Bununla əlaqədar müvafiq tapşırıqlar üzrə müzakirələr aparılıb.

Mərkəzin yerli və xarici qurumlarla qarşılıqlı əlaqələri barədə də məlumat verilib. Həmçinin, cari ilin 15 yanvar tarixində Avropa ölkələrində hüququn inkişafını təmin etməyi və stimullaşdırmağı hədəfləyən qeyri-hökumət təşkilatı olan Avropa Hüquq İnstitutunun institusional üzvü olduğu vurğulanıb.

İcraçı direktor Mərkəzin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması məsələlərinə də toxunaraq, rəsmi internet saytına 6000-dən artıq giriş, 17800-dən çox baxış, sosial şəbəkə hesablarına isə 67000-dən çox baxış qeydə alındığını bildirib.

Bundan başqa, tələbə və yeni məzun olmuş hüquqşünasların könüllülük proqramına cəlb edilməsi prosesinin davam etdiyini bildirən İcraçı direktor Bakı Dövlət Universitetinin və ADA Universitetinin tələbələrinin könüllü fəaliyyət keçmək üçün Mərkəzin ayrı-ayrı şöbələrinə yönləndirildiyini qeyd edib. Bu müddət ərzində onların Mərkəzin fəaliyyəti, hüquqi akt layihələrinin hazırlanması, normayaratma texnikası, hüquqi ekspertizanın aparılması prosesi ilə tanış olduğu, müxtəlif məsələlərlə bağlı beynəlxalq təcrübənin araşdırılması, təhlili, habelə bir sıra sənədlərin hazırlanması işinə cəlb edildikləri qeyd edilib.

Bundan sonra Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək ötən il ərzində həyata keçirilən fəaliyyətlər və qarşıdakı planlar barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Ombudsman aparatının əməkdaşları, DİN-in Polis Akademiyasının kursantları, media nümayəndələri və gənclər üçün keçirilən müxtəlif təlim və tədbirlərdə ümumilikdə 651 nəfər iştirak edib. Qeyd olunub ki, DİN-in Polis Akademiyasında “Heydər Əliyev: cinayətkarlıqla mübarizə” kitabının təqdimatı keçirilib, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” və “Hüquq terminləri lüğəti” adlı iki nəşrin hazırlanması tamamlanıb. Hesabat dövründə institut əməkdaşlarının 24 məqaləsi, 7 müsahibəsi dərc olunub, 26 audioməqalə, 302 yeni vəsait, e-lüğət üçün isə 42 termin hazırlanaraq institutun internet saytında yerləşdirilib. Sayta ümumilikdə 8036 istifadəçi daxil olub.

Sonda HEQT Mərkəzinin 2025-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair hesabatda qeyd olunan məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb, yekunda Mərkəzin və İnstitutun bu dövr üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilib.