Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin əməkdaşları üçün keçirilən növbəti təlimlər başa çatıb

21 iyul 2025 | 15:20 911

Cari ilin 14-18 iyul tarixlərində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətin hüquqi şəxslərinin hüquq sahəsində fəaliyyət göstərən 13 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib.

Təlimlər zamanı normayaratma texnikası və normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi və linqvistik tələblər, mətnin ayrı-ayrı elementlərinin tərtibi texnikası, hüquqi aktların ayrı-ayrı normalarının tərtib edilməsinin xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi akt layihəsinin razılaşdırılması, təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, habelə digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

İnteraktiv keçən təlimlərdə müxtəlif komanda işləri icra olunub, “Kahoot” platforması üzərindən mövzunu əhatə edən intellektual yarış təşkil edilərək həm öyrədici, həm də aktiv müzakirə mühitində mövzuların daha yaxşı mənimsənilməsinə şərait yaradılıb. Həmçinin, sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılıb, normativ hüquqi akt layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik işlər yerinə yetirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.