Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurasının iclasında iştirak edib

24 oktyabr 2025 | 15:31 322

Cari ilin 23 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri vəzifəsini icra edən, baş mütəxəssis Xeyransa Əliyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında iştirak edib.

İclasda “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusu müzakirə olunub. Çıxış edən Mərkəzin İcraçı direktoru Samir Mahmudov podrat müqavilələrindən irəli gələn mübahisələrin həllində hüquqi normaların düzgün tətbiqinin vahid məhkəmə təcrübəsinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Samir Mahmudov bu sahədəki hüquqi yanaşmaların təkmilləşdirilməsinin ədalətli məhkəmə qərarlarının qəbuluna və hüquqi sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. O, əlavə olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilmədən bağlanan müqavilələrin hüquqi qüvvəsinin qiymətləndirilməsi zamanı ədalət meyarının əsas götürülməsinin vacibliyinə diqqət çəkib.

İclasda dövlət satınalmaları ilə əlaqədar podrat münasibətləri üzrə şifahi və ya “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun tərtib edilməmiş yazılı müqavilələrin etibarlılığı, podrat müqavilələrində nəzərdə tutulmayan əlavə işlərin dəyərinin ödənilməsi və sifarişçi tərəfindən işin qəbulu zamanı aşkar edilməsi çətin olan qüsurlar üzrə iddia müddəti kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib.

Tədbirdə Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-Məsləhət Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti və hüquqşünaslar iştirak ediblər.