Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

13 noyabr 2025 | 15:27 297

Cari ilin 12 noyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, İcraçı direktorun müavini Kamalə Paşayeva və Mərkəzin bəzi əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin otuzilliyi ilə əlaqədar "Konstitusiya və Suverenlik İli" çərçivəsində baş tutan konfrans Konstitusiyaya həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə öz işinə başlayıb. Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının sədri Gündüz Kərimov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda mübarizə apardığı çətin dövrdə qəbul olunub.

O vurğulayıb ki, Qarabağ torpaqları işğal altında olduğu zaman Konstitusiyanın bəzi müddəalarının icrası məhdudiyyətlərlə üzləşsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində həmin müddəaların hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində bərpa edilib, üçrəngli bayrağımız azad edilmiş torpaqlarda ucaldılıb. Gündüz Kərimov bu əlamətdar hadisəni Konstitusiyaya yeni nəfəs verilməsi kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçirilən “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusunun müzakirə olunduğu paneldə Mərkəzin İcraçı direktoru Samir Mahmudov da çıxış edib. Samir Mahmudov çıxışında qanunvericilikdə aydınlıq prinsipinin layihələrin hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, normayaratma texnikalarının kifayət qədər detallı olmaması keyfiyyətli qanun layihələrinin hazırlanmasını çətinləşdirir. İcraçı direktor Mərkəzin bu günədək müxtəlif qanun layihələrinin ekspertizasını həyata keçirərək rəylərin aidiyyəti orqanlara göndərildiyini bildirib. Həmçinin qeyd olunub ki, Mərkəz tərəfindən dövlət qulluqçuları üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində bu günə qədər 17 təlim təşkil edilib və bu təlimlərdə 250-dən çox dövlət qulluqçusu iştirak edib.

Konfransda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin dəvəti ilə iştirak edən Avropa Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las Heras Ballell konfransda çıxış edərək gələcək üçün hüquqi bazanın formalaşdırılması zamanı hibrid cəmiyyətlərin inkişaf perspektivlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Sədr bildirib ki: “Gələcəyin cəmiyyətlərində insanlar və süni intellekt birgə fəaliyyət göstərəcəklər. Buna görə də hibrid cəmiyyətlər demokratiya, qanunun aliliyi və insan hüquqları prinsiplərinə əsaslanmalıdır.”

Daha sonra tədbir müzakirələrlə davam edib.

Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarına Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Zəfərimizin 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıblar.