Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahəsində yazılan yeni kitabların təqdimatında iştirak edib
Cari ilin 21 noyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva "Hüquq və İnsan Haqları İnstitutu" (İnstitut) publik hüquqi şəxsin təşkilatçılığı ilə baş tutan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərovanın üç yeni elmi nəşrinin təqdimat mərasimində iştirak edib.
Ölkənin aparıcı hüquqşünasları, alimlər və akademik ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə müəllifin beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahələrinə dair yeni araşdırmaları, eləcə də əsərlərin elmi-nəzəri və praktiki əhəmiyyəti geniş müzakirə olunub.
Təqdimat mərasimində çıxış edən Mərkəzin İcraçı direktorunun müavini Kamalə Paşayeva müəllifin elmi fəaliyyətini yüksək qiymətləndirib, kitabların hüquqi tədqiqatlar və tətbiqi hüquq sahəsinə faydalı töhfə verəcəyini bildirib. O, çıxışında həmçinin qeyd edib ki, təqdim olunan nəşrlər müasir hüquqi çağırışların təhlili baxımından xüsusi aktuallığa malikdir və hüquqşünasların peşəkar inkişafında əhəmiyyətli rol oynayacaq.