Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər başa çatıb

08 dekabr 2025 | 14:00 463

Cari ilin 1-5 dekabr tarixlərində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən yerli icra hakimiyyəti orqanlarının hüquq sahəsində fəaliyyət göstərən 21 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib.

Təlimlər zamanı normayaratma texnikası və normativ hüquqi akt layihəsinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının hazırlanmasına dair ümumi və linqvistik tələblər, mətnin ayrı-ayrı elementlərinin tərtibi texnikası, hüquqi aktların, yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktlarının ayrı-ayrı normalarının tərtib edilməsinin xüsusiyyətləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması üsulları ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi akt layihəsinin razılaşdırılması, təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, habelə digər məsələlər iştirakçılara izah edilib.

İnteraktiv şəkildə keçən təlimlərdə müxtəlif komanda işləri icra olunub, “Kahoot” platforması üzərindən mövzunu əhatə edən intellektual yarış təşkil olunub. Bu, həm öyrədici, həm də aktiv müzakirə mühitində mövzuların daha yaxşı mənimsənilməsinə şərait yaradıb. Həmçinin, sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılıb, normativ hüquqi akt layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik işlər yerinə yetirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.