Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda keçirilən forumda iştirak edib
Cari ilin 10 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda keçirilən forumda iştirak edib.
İcraçı direktor forum çərçivəsində baş tutan "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" panel müzakirəsində spiker qismində çıxış edərək "Mədəni irsin qorunmasında müasir yanaşmalar" mövzusu üzrə fikirlərini bölüşüb. O, milli mədəni irsin qorunmasının hüquqi əsaslarını, bu sahədə tətbiq olunan beynəlxalq standartları və rəqəmsal mühitdə irsin mühafizəsi üzrə yeni tendensiyaları diqqətə çatdırıb.
Samir Mahmudov çıxışında mədəni irsin qorunmasında yeni idarəetmə üsulları, rəqəmsal texnologiyalar və müasir hüquqi standartların tətbiqinin vacibliyinə toxunub. İcraçı direktor vurğulayıb ki, irs obyektlərinin qorunması və təbliği üçün çevik və dayanıqlı mexanizmlərin formalaşdırılması bu sahədə hüquqi çərçivənin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılmalıdır. O, həmçinin ictimai iştirakçılığın gücləndirilməsinin mədəni irsin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından vacib rol oynadığını bildirib.
Panel müzakirəsi sonda spikerlərin sualları cavablandırması və mövzu ilə bağlı təkliflərini bölüşməsi ilə yekunlaşıb.