Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini “Zəfərin Qanunu” layihəsi çərçivəsində keçirilən panel müzakirədə iştirak edib
Cari ilin 13 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərəfdaşlığı və ELSA Azərbaycanın təşkilatçılığı ilə baş tutan “Zəfərin Qanunu” layihəsinin panel müzakirəsində spiker qismində iştirak edib.
Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya quruluşu və quruculuğuna həsr olunan müzakirədə Kamalə Paşayeva “Azərbaycan Respublikasında Konstitusionalizm Tarixi: Heydər Əliyevin Konstitusiya Quruculuğu Modeli” mövzusunda çıxış edərək Azərbaycan konstitusionalizminin tarixi inkişaf yolu, Ümummilli lider Heydər Əliyevin bu sahədəki müstəsna rolu və müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın roluna diqqət çəkib.
Çıxış zamanı gənclərə konstitusiya dəyərlərinin mahiyyəti, hüquqi dövlət anlayışı və Ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğunda müəyyən etdiyi strateji yanaşmalar barədə ətraflı məlumat verilib.
Panel müzakirəsinin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu ətrafında fikir mübadiləsi aparılıb.