Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı insan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimat mərasimində iştirak edib
Cari ilin 17 fevral tarixində Hüquq və İnsan Haqları İnstitutunda insan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimat mərasimi keçirilib. Tədbirdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Günay Səlimova iştirak edib.
Tədbir zamanı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın uzun illərin praktiki fəaliyyəti və araşdırmalarına əsaslanaraq hazırladığı “Kölgədə qalan qadınlar”, “Zorakılığın kodları”, “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” və “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” adlı vəsaitləri ictimaiyyətə təqdim olunub.
Müzakirələr zamanı çıxış edən Günay Səlimova metodik vəsaitlərin insan hüquqlarının müdafiəsi və təmin olunması istiqamətində mühüm praktik əhəmiyyət daşıdığını bildirib.