Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı ilə təltif edilib
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Konstitusiya Məhkəməsinin sədrinin 2026-cı il 28 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı” 10 oktyabr 2025-ci il tarixli Qanunla təsis edilmiş və həmin Qanunla qeyd edilən medalın Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tərəfindən İcraçı direktora ünvanlanan təbrik məktubunda Konstitusiyanın aliliyinin təmin edilməsinə onun verdiyi xüsusi töhfələrin təqdirəlayiq olduğu qeyd olunub.
Qeyd edək ki, sözügedən medal Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması, təkmilləşdirilməsi və təbliği, qanunvericilik və hüquq sisteminin inkişafı, Konstitusiyanın aliliyinin təmin olunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, eləcə də konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.
Medalı Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Qasımov Ziya Əlfüqar oğlu İcraçı direktora təqdim edib.