Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları üçün keçirilən “Soft skills” proqramı başa çatıb
Cari ilin 2 mart tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları üçün daha effektiv və məqsədyönlü fəaliyyətin təşviqi məqsədilə keçirilən “Soft skills” (Yumşaq bacarıqlar) proqramı başa çatıb. Təlim prosesində Mərkəzin əməkdaşları ilə yanaşı, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları da iştirak ediblər.
Human Development Center (HDC) tərəfindən həyata keçirilən və iki aya yaxın davam edən proqram çərçivəsində iştirakçılara fərdi və komanda daxilində yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər keçirilib. Təlimlər HDC-nin direktoru, təlimçi Toğrul Ələkbərov və təlimçi Pərviz Əfəndizadə tərəfindən aparılıb.
Proqram çərçivəsində iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyib, real iş mühitinə uyğunlaşdırılmış tapşırıqlar, komanda işləri vasitəsilə bacarıqlarını analiz və tətbiq imkanı əldə ediblər.
Tənqidi təfəkkür bacarığının inkişafı proqramın əsas istiqamətlərindən biri olub. İştirakçılar fərziyyələrin sorğulanması, arqumentlərin əsaslandırılması, məlumat mənbələrinin qiymətləndirilməsi və alternativ həll yollarının təhlili üzrə praktiki məşğələlərdə iştirak ediblər. Bununla yanaşı, emosional intellekt, empatiya və sosial bacarıqların iş mühitində rolu təhlil olunub.
Sonda proqramı uğurla tamamlayan əməkdaşlara sertifikatlar təqdim olunub.