Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru ATƏT-in İnsan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edib
Cari ilin 16-17 mart tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ATƏT-in İsveçrə sədrliyi tərəfindən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəstəyi ilə Vyanada təşkil olunan İnsan ölçüsü üzrə birinci əlavə görüşündə (İÖƏG) iştirak edib.
“Demokratik dayanıqlılıq üçün qanunyaradıcılığı” mövzusunda baş tutan görüş iştirakçı dövlətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflər üçün mühüm müzakirə platforması yaradıb. Tədbirdə demokratik normayaratma prinsipləri, demokratik dayanıqlılığın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin və ictimai nəzarətin töhfəsi, eləcə də məhkəmə nəzarətinin və hesabatlılığın əhəmiyyəti ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Tədbirin üçüncü sessiyasında çıxış edən Samir Mahmudov Azərbaycanda normayaratma fəaliyyətinin keyfiyyətinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində son illərdə görülmüş institusional və metodoloji yeniliklərdən danışıb. O bildirib ki, ölkəmizdə demokratik qanunyaradıcılığının inkişafı istiqamətində son dövrlərdə həyata keçirilmiş institusional tədbirlərdən biri kimi 2022-ci ildə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradılıb. Əsasən hüquqi tədqiqatçılar və normayaratma üzrə mütəxəssislərdən ibarət ekspert qurumu kimi fəaliyyət göstərən Mərkəz tərəfindən dövlət orqanları və qurumlarına müasir qanunyaradıcılığı nəzəriyyəsinin prinsiplərinə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun “Daha yaxşı qanunlar üçün demokratik qanunyaradıcılığı üzrə Təlimat”ında əks olunan yanaşmalara uyğun normativ hüquqi akt layihələrinin hazırlanmasında praktiki və metodoloji dəstəyin göstərildiyi diqqətə çatdırılıb.
Məhkəmə hakimiyyətinin qanunvericilik prosesində iştirakı məsələsinə toxunan Samir Mahmudov Azərbaycanda məhkəmələrin bu sahədə fəaliyyətinin yalnız qanunların Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə məhdudlaşmadığını və daha geniş olduğunu qeyd edib. Buna misal olaraq, o, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə işçi qrupu”nun fəaliyyəti çərçivəsində məhkəmələrin bilavasitə qanun layihələrinin tərtibi prosesində (təcrübədə rast gəlinən hüquqi problemlərin müəyyən edilməsi və hazırlanmış layihə mətnlərinin təkmilləşdirilməsi mərhələsində) mühüm töhfə verdiyini vurğulayıb.
İcraçı direktor Samir Mahmudovun sözügedən çıxışını tam şəkildə əks etdirən video ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəsmi saytından aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: