Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masada iştirak edib

13 may 2026 | 14:36 75

Cari ilin 6 may tarixində Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov da iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Sədr bildirib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb.

Tədbirdə çıxış edən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrə diqqət çəkib, aparılan uzaqgörən siyasətin ölkənin davamlı inkişafının əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, dərin təfəkkürə sahib olan Ümummilli Liderin düşünülmüş və cəsarətli qərarları bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyinin möhkəmləndirilməsi və hüquqi institutların təkmilləşdirilməsi istiqamətində Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini vurğulayıb.

Dəyirmi masada İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Konstitusiya Məhkəməsi və Ombudsman Aparatının məsul şəxsləri iştirak edib.

Tədbir çərçivəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.