Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt Alətləri və Onların Tətbiqi” mövzusunda təlimlər keçirilir
Cari ilin 4 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları üçün “Süni İntellekt Alətləri və Onların Tətbiqi” mövzusunda silsilə təlimlərin keçirilməsinə başlanılıb. Təlimin əsas məqsədi Mərkəzin əməkdaşlarını təcrübədə geniş tətbiq olunan süni intellekt alətləri və onların əsas funksionallığı ilə tanış etmək, həmin alətlərin gündəlik iş prosesində praktiki tətbiqi imkanlarını göstərmək, süni intellektdən istifadə effektivliyini artırmaq, habelə əməkdaşların bu sahədə praktiki bilik və bacarıqlarını formalaşdırmaqdır.
Təlimin açılışında çıxış edən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov süni intellekt texnologiyalarının müasir iş proseslərində artan rolunu vurğulayaraq, əməkdaşların bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Mərkəzin IT mütəxəssisi Anar Qocayev tərəfindən keçirilən ilk təlimdə əməkdaşlara mətn hazırlanması və ofis işlərində istifadə olunan “ChatGPT, “Gemini”, “Claude” süni zəka alətləri və onların əsas funksionallığı ilə bağlı ətraflı məlumat verilib. Təlim zamanı sözügedən proqramların müqayisəli təhlili aparılaraq üstünlükləri və fərqləri izah olunub, həmçinin daha optimal və effektiv istifadəsi ilə bağlı tövsiyələr verilib.
Təlim zamanı iştirakçıların sualları təlimçi Anar Qocayev tərəfindən cavablandırılaraq müvafiq həllər praktiki nümunələr əsasında nümayiş etdirib.
Qeyd edək ki, bir ay ərzində davam edəcək təlimlər çərçivəsində əməkdaşlara mətn və ofis işləri, şəkil və dizayn, səs və video-konfrans, eləcə də effektiv hüquqi tədqiqat sahələrində daha geniş istifadə edilən süni intellekt alətləri ilə bağlı məlumat veriləcək, bu istiqamətdə praktiki bilik və bacarıqlarının inkişafına dəstək göstəriləcək.