Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər başa çatıb

27 iyul 2026 | 11:15 64

Cari ilin 20-24 iyul tarixlərində “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən dövlət orqanlarının (qurumlarının) hüquq sahəsində fəaliyyət göstərən 17 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması məqsədilə normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilib.

Təlimlər zamanı normayaratma texnikası və normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi və linqvistik tələblər, normativ hüquqi aktların ayrı-ayrı normalarının tərtib edilməsinin xüsusiyyətləri, həmin aktların qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda normativ hüquqi akt layihəsinin razılaşdırılması, təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi və qüvvəyə minməsi, normativ hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi iştirakçılara izah edilib.

İnteraktiv şəkildə keçən təlimlərdə fərdi və komanda şəklində müxtəlif tapşırıqlar icra olunub, “Kahoot” platforması üzərindən mövzunu əhatə edən intellektual yarış təşkil edilib, habelə aktiv müzakirə mühitində mövzuların daha yaxşı mənimsənilməsinə şərait yaratmaq məqsədilə “Nə? Harada? Nə zaman?” formatında yarış keçirilib. Sözügedən mövzularla əlaqədar iştirakçılarla fikir mübadiləsi aparılıb, normativ hüquqi akt layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik işlər yerinə yetirilib və praktiki tövsiyələr verilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.