Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini III Milli Rəqabət Forumunda iştirak edib
Cari ilin 14 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda iştirak edib.
Milli Məclisin deputatları, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflərin iştirak etdiyi tədbir “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunub.
Çıxışlar zamanı rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqi, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsiri, habelə Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən danışılıb. Təqdimatlar çərçivəsində təbii inhisar sahələrində dövlət nəzarətinin xüsusiyyətləri, rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərindən bəhs edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.