“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın Azərbaycan dilində autentik tərcüməsi Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirilib

19 oktyabr 2026 | 17:52 66

Məlum olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli 227 nömrəli Qərarı ilə Azərbaycan Respublikası “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il 19 dekabr tarixli Beynəlxalq Pakta (bundan sonra – Pakt) qoşulub. Lakin həmin dövrdə Pakt Azərbaycan dilinə tərcümə edilmədiyindən, onun mətni Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirilməmişdir.

Qeyd edilməlidir ki, sözügedən Pakt Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sahəsində qəbul edilmiş əsas beynəlxalq müqavilələrindən biridir. Pakt yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət, fikir, vicdan və din azadlığı, ifadə, dinc toplaşmaq və birləşmək azadlıqları, qanun qarşısında bərabərlik və ədalətli məhkəmə araşdırması hüquqları kimi bir sıra fundamental insan hüquq və azadlıqlarını təsbit edir. Eyni zamanda, Pakt ona tərəf olan dövlətlərin üzərinə həmin hüquq və azadlıqlara hörmət etmək və onların təmin olunması üçün zəruri tədbirlər görmək öhdəliyi qoyur.

Beynəlxalq-hüquqi əhəmiyyəti nəzərə alınmaqla, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (bundan sonra – HEQT Mərkəzi) tərəfindən öz Nizamnaməsinin 3.1.12-ci və 3.1.13-cü yarımbəndlərinə uyğun olaraq, habelə “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanunların tələblərinin yerinə yetirilməsi məqsədilə Paktın Azərbaycan dilinə tərcümə edilməsi qərara alınmışdır.

Belə ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunun 11-ci maddəsinin ikinci hissəsinə əsasən ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu ilə birgə HEQT Mərkəzi tərəfindən Paktın Azərbaycan dilinə tərcümə edilməsi təmin olunub və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğu (autentikliyi) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilib.

Hazırda Paktın Azərbaycan dilində olan mətni Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirilib. Qeyd edilən mətnlə aşağıdakı veb-link vasitəsi ilə tanış olmaq olar:

https://e-qanun.az/framework/7508