Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndəsi Polis Akademiyasında mühazirə ilə çıxış edib
Cari ilin 21 noyabr tarixində HEQT Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli Polis Akademiyasında kursantlar üçün təşkil olunan mühazirələr çərçivəsində “Normativ hüquqi aktlar” mövzusunda çıxış edib.
Kursantların nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən mühazirədə hüquqi aktların növləri, hüquqi qüvvə iyerarxiyası, normativ və qeyri-normativ hüquqi aktların fərqləndirici xüsusiyyətləri, habelə normativ hüquqi aktların tərtibi üslubu və mətninin strukturlaşdırılması məsələləri barədə məlumat verilib.
Eyni zamanda normayaratma prosesinin mərhələləri, normativ hüquqi akt layihələrinin maraqlı dövlət orqanları ilə razılaşdırılması, layihələrə baxılması və qəbul edilməsi qaydaları, aktların rəsmi dərc olunması və qüvvəyə minməsi məsələlərinə toxunulub. Bu çərçivədə normativ hüquqi aktların hazırlanması və tətbiqi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Mühazirə zamanı mövzu üzrə suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.