Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah yaşı ilə bağlı dəyişiklik edilib

11 dekabr 2024 | 16:35 161

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə nikah yaşı 18 yaşdır və bu Məcəlləyə 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər üzrlü səbəblər olduqda nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına yol verilirdi. Lakin sözügedən Qanunla nikah yaşının azaldılmasını nəzərdə tutan müddəa ləğv edilmişdir.

Bununla əlaqədar Cinayət və İnzibati Xətalar Məcəllələrində də müvafiq əməllərə görə məsuliyyətin müəyyən edilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən nikah yaşına çatmayan şəxsi erkən evliliyə (yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq) daxil olmağa məcburetmə 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (176-1.2-ci maddə).

Həmçinin, Məcəlləyə əlavə olunmuş 176-2-ci maddədə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi sanksiyalaşdırılaraq bu əmələ görə 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, sözügedən cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən aparılır.

Bundan başqa erkən evliliyin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilmişdir. Belə ki, Məcəlləyə əlavə edilmiş 189-1-ci maddəyə görə 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin xətaları törədənlər barəsində xətanı aşkar etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya Daxili İşlər Nazirliyi tərəfindən protokol tərtib edilir və baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Məcəlləyə edilmiş digər dəyişikliklərə əsasən ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə (189-2-ci maddə), habelə yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur (189-3-cü maddə). Məcəllənin 189-2-ci maddəsindəki xətalara həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 189-3.1-ci maddəsindəki xətalara həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmin əməllər bir il ərzində təkrar törədildikdə isə (189-3.2) məhkəmə baxır.

Məlumat üçün bildirilir ki, sözügedən dəyişiklikləri nəzərdə tutan Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.