“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı bir sıra dəyişikliklər edilib

14 yanvar 2025 | 16:19 141

Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı aşağıdakı məsələləri nəzərdə tutan bir sıra dəyişikliklər edilib:

  • müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 35 yaşdan 30 yaşa endirilib.
  • sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
  • vətəndaşlara (Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya sistemi vasitəsilə hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) tərəfindən  hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılır. Elektron kabinet – vətəndaşların  hərbi vəzifələrinin icrası ilə bağlı özü barədə məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini, xidmətlərdən istifadə etməsini və ödənişləri həyata keçirməsini təmin edən Elektron Hökumət İnformasiya Sistemində yaradılmış xüsusi fərdi elektron səhifədir.

  • tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və sözügedən quruma gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər.
  • ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı, habelə ilkin hərbi qeydiyyata alınma haqqında digər məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron kabinet və ya digər vasitələrlə göndərilir.
  • çağırış vərəqəsi, o cümlədən hərbi vəzifələrin icrası ilə əlaqədar digər məlumatlar elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat ona çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.
  • müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər.
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir. Tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər.
  • vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydasının üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabineti tərəfindən müəyyən olunması nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanununda təhsilin davam etdirilməsi məqsədilə çağırışa möhlət verilməsini nəzərdə tutan Qanunun 21-ci maddəsi yeni redaksiyada verilərək aşağıdakı müddətlərdə möhlət verilməni müəyyən edir:

  • ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;
  • peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək;
  • orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək;
  • əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (həmin Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
  • əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (həmin Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
  • əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
  • əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;
  • doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə.

Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir.

Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir.

Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir.

Bundan başqa müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetməni nəzərdə tutan Qanunun 23-cü maddəsi yeni redaksiyada verilərək aşağıdakıları müəyyən edir:

Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

  • fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
  • sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
  • 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
  • alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
  • Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

  • həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;
  • ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;
  • Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.