Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinin bağlanılması qaydasına dəyişiklik edilib
Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilərək əmək müqaviləsinin bağlanılması qaydası elektronlaşdırılıb.
Belə ki, Əmək Məcəlləsində edilən müvafiq dəyişikliyə əsasən əmək münasibətləri əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
Əmək müqavilələrinin elektron sənəd formasında bağlanması, həmçinin əmək müqaviləsinin dəyişdirilməsi, ona xitam verilməsi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və ya Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir. Müqavilənin bağlanması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız sözügedən informasiya sistemində imzalandıqdan sonra hüquqi qüvvəyə minir.
Eyni zamanda qeyd edilməlidir ki, əmək müqaviləsinin elektron sənəd formasında bağlanılması bütün işçilərə və işəgötürənlərə şamil edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda qeyd edilən müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.
Bundan başqa sözügedən dəyişikliyin qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir.
Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək;
2. İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək;
3. Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək.
Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ekosidə görə cinayət məsuliyyəti müəyyənləşdirilib
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” adlı 16-cı fəslinə ekosid cinayəti ilə bağlı yeni maddə əlavə edilmişdir.
Belə ki, Cinayət Məcəlləsinə əlavə olunan 104-1-ci maddəyə əsasən bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaradır.
Həmin cinayətin törədilməsinə görə şəxslər on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, sözügedən əməlin hüquqi şəxslər tərəfindən törədilməsi onlara münasibətdə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət-hüquqi tədbirlərin tətbiqinə səbəb olur.
Qeyd olunmalıdır ki, ekosid cinayətinin ibtidai istintaqı prokurorluq tərəfindən aparılır.
Həmçinin məlumat üçün bildirilir ki, ekosid cinayəti ilə bağlı qanun layihəsi hazırlanarkən xarici ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Belarus təcrübəsi nəzərə alınmışdır.