Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Avropa Hüquq İnstitutunun institusional üzvü olub

17 января 2025 | 16:32 186

Cari ilin 15 yanvar tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Avropa Hüquq İnstitutunun institusional üzvü olub.

2011-ci ildə yaradılan Avropa Hüquq İnstitutu Avropa ölkələrində hüququn inkişafını təmin etməyi və stimullaşdırmağı hədəfləyən qeyri-hökumət təşkilatıdır. İnstitut tərəfindən hüququn bütün sahələri üzrə tədqiqatlar aparılır. İnstitutun baş ofisi Vyana şəhərində yerləşir.

Qeyd edilməlidir ki, İnstitutun əsas məqsədləri hüquq siyasətinin və təcrübəsinin inkişafını qiymətləndirmək və stimullaşdırmaq, beynəlxalq sənədlər və ya model qaydaların hazırlanmasında iştirak etmək, Avropa hüquq sistemləri üçün ümumi olan prinsipləri və qaydaları hazırlamaq və ya təkmilləşdirmək üzrə tədqiqatlar aparmaq, habelə hüququn inkişafına maraq göstərən hüququn müxtəlif sahələrindən olan mütəxəssislərin, o cümlədən akademiklərin, hakimlərin və digər hüquqşünasların müzakirə və əməkdaşlıq mühitini yaratmaq üçün forumlar təşkil etməkdir.

Avropa Hüquq İnstitutunun 160 institusional üzvü arasında Avropa Parlamenti, Avropa Ədalət Məhkəməsi, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL), Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitut (UNIDROIT), bir sıra xarici ölkələrin konstitusiya və ali məhkəmələri, nüfuzlu ali təhsil müəssisələri və bu kimi digər qurumlar yer alır.

Avropa Hüquq İnstitutu haqqında daha ətraflı məlumat üçün: https://europeanlawinstitute.eu/

Məlumat üçün qeyd olunur ki, HEQT Mərkəzi ötən ilin 7 noyabr tarixində həmçinin normayaratma proseslərinin və qanunvericiliyin keyfiyyətinin öyrənilməsi, təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən daha bir qlobal təşkilat olan Beynəlxalq Qanunvericilik Assosiasiyasına üzv olub (https://heqt.gov.az/az/news/view/133).