Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Moldovada keçirilən konfransda iştirak edib
Cari ilin 23-24 aprel tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin müdiri Ofelya Bayramlı Moldova Respublikasının Kişinyov şəhərində keçirilən "Hakim və prokurorların təlimi vasitəsilə gender bərabərliyinin təşviqi" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans Avropa İttifaqı və Avropa Şurasının birgə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən “Qadınların ədalətə çıxışı – Avropa Şurasının gender bərabərliyi və qadınlara qarşı zorakılıqla bağlı standartlarının həyata keçirilməsi” adlı regional layihə çərçivəsində təşkil olunmuşdur.
Konfrans zamanı gender bərabərliyinin məhkəmə təlimlərinə inteqrasiyası sahəsində əldə edilmiş irəliləyişlər nəzərdən keçirilib, bu istiqamətdə mövcud çağırışlar və gələcək prioritetlər müzakirə olunub. Panel sessiyalarında gender bərabərliyinin məhkəmə sisteminə inteqrasiyası, Aİ təcrübəsi və gender bərabərliyi üzrə tərəfdaşlıqlar mövzularına toxunulub.
Bununla yanaşı, “Məhkəmə qərarlarında gender qərəzi” mövzusunda qrup işi keçirilib, mövzu ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.
Konfransda müxtəlif ölkələrdən məhkəmə təlim institutları, məhkəmə və prokurorluq şuraları, hakimlər, prokurorlar, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbir gender bərabərliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və müvafiq standartların həyata keçirilməsini dəstəkləyən dayanıqlı təlim proqramlarının hazırlanması baxımından mühüm platforma rolunu oynayıb.