Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib

22 january 2024 | 11:00 869

Cari ilin 19 yanvar tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra, HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov çıxış edərək, ötən il üzrə Mərkəzin fəaliyyəti, onun təşkili ilə əlaqədar görülmüş işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi. İlk növbədə bildirildi ki, 2023-cü ildə HEQT Mərkəzində mövcud olan vakant vəzifələrin komplektləşdirilməsi həyata keçirilmiş, habelə Mərkəzin fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə işçilərin say həddi 5 vahid artırılaraq müvafiq təyinatlar aparılmışdır.

Qeyd olundu ki, HEQT Mərkəzi ötən ildə Nizamnaməsinə müvafiq olaraq normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirmişdir.

Belə ki, il ərzində Mərkəz tərəfindən dövlət qurumları ilə bağlanılmış müqavilə əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması təmin olunmuş, həmçinin ictimai münasibətlərin müxtəlif sahələri üzrə hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, hüquqi boşluqların və kolliziyaların aradan qaldırılması məqsədi ilə ayrı-ayrı aktual sahələr üzrə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

HEQT Mərkəzi tərəfindən ötən ildə dövlət qurumlarının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlər keçirilmiş, həmin təlimlərdə ümumilikdə 130  nümayəndə iştirak etmişdir.

Həmçinin bildirildi ki, hüquqi aktların elmi-praktiki kommentariyalarının hazırlanması istiqamətində də işlər görülmüşdür. Belə ki, HEQT Mərkəzi tərəfindən bu sahədə fəaliyyətinin daha səmərəli təşkili məqsədilə “Normativ hüquqi aktların elmi-praktiki kommentariyalarının hazırlanmasına dair Təlimat” hazırlanmış və hazırda həmin Təlimata uyğun olaraq HEQT Mərkəzinin tapşırığı ilə tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun kommentariyasının layihəsi üzrə təkmilləşdirilmə işləri aparılır.

Eyni zamanda qeyd edildi ki, ötən ildə HEQT Mərkəzinin təşəbbüsü ilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupu yaradılmış və artıq bir neçə iclaslar da keçirilmişdir. İşçi qrupun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi HEQT Mərkəzinin İcraçı direktoruna həvalə olunmuşdur. İşçi qrupun tərkibinə dövlət qurumlarının, təhsil müəssisələrinin, aparıcı hüquq şirkətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə müstəqil ekspertlər və vəkillər (ümumilikdə 44 üzv) daxil edilmişdir.

Bundan başqa, iclasda ötən il ərzində HEQT Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə beynəlxalq ekspertlərin səfərlərinin, mütəxəssis missiyalarının, ölkə daxilində və xaricində ezamiyyətlərin, təcrübə mübadiləsinin təşkili, yerli və xarici qurumlarla ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, digər qurumlardan və vətəndaşlardan HEQT Mərkəzinə daxil olmuş müraciətlərin qanunvericiliyə müvafiq olaraq cavablandırılması, habelə Nizamnamə ilə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş digər işlər haqqında ətraflı məlumat verildi.

Hesabat dövrü ərzində Mərkəz tərəfindən peşəkar hüquqi tərcümə işinin səmərəli təşkili məqsədlə Mərkəzin ingilis dilini yüksək səviyyədə bilən mütəxəssisləri tərəfindən Hüquq və İnsan Haqları İnstitutunun tərcüməçiləri üçün “Hüquqi tərcümə” mövzusunda intensiv təlimlərin keçirildiyi və bir sıra normativ hüquqi aktların tərcümə olunduğu da diqqətə çatdırıldı.

Eyni zamanda ötən ildə HEQT Mərkəzində hüquqi maarifləndirmə işinin aparılması ilə əlaqədar görülən tədbirlər, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin apardığı hüquqi islahatlar və onların əhəmiyyəti” mövzusunda keçirilmiş elmi-praktiki konfrans barədə məlumat verildi.

Çıxışın sonunda Mərkəz tərəfindən hazırlanmış müvafiq sənədlər Müşahidə Şurasının üzvlərinə təsdiq üçün təqdim olundu.

Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək, bu müddət ərzində İnstitut tərəfindən Daxili İşlər Nazirliyinin bir sıra polis idarələrində və şöbələrində çalışan müstəntiq və təhqiqatçılarına İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi üzrə təlimlərin keçirildiyini, habelə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” kimi mövzularda təlimlərin keçirildiyini bildirmişdir. Bundan başqa ötən ildə İnstitutun rəsmi saytında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş hüquq və insan haqlarına dair onlayn kitabxananın yaradıldığı, bir sıra normativ hüquqi aktların insan hüquqlarına dair ekspertizasının aparıldığı və digər fəaliyyətlərin həyata keçirildiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, İnstitutun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirin keçirildiyi qeyd edildi.

İclasda HEQT Mərkəzinin 2023-cü il üzrə hesabatında qeyd olunan məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış, yekunda HEQT Mərkəzinin və İnstitutun 2023-cü il üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilmişdir.