Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda keçirilmiş elmi-praktiki seminarda iştirak edib

21 august 2024 | 14:30 340

Cari ilin 20 avqust tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşları Ədliyyə Nazirliyinin təşəbbüsü ilə keçirilmiş “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminarda iştirak ediblər. Həmin seminarda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Ali Məhkəmə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Vəkillər Kollegiyası və Azərbaycan Notariat Palatasının nümayəndələri, həmçinin beynəlxalq ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev də iştirak etmişdirlər.

Seminar daşınmaz əmlak sektorunda hüquqi stabilliyin təmin edilməsi, bu sahədə müasir çağırışlara uyğun effektiv mexanizmlərin formalaşdırılması, eləcə də daşınmaz əmlak hüquqlarının qorunması, qeydiyyatı və sektorun inkişafı üçün beynəlxalq təcrübələrdən faydalanaraq qanunvericiliyin təkmilləşdirilməsində dövlət orqanlarının (qurumlarının), beynəlxalq və yerli ekspertlərin, mütəxəssislərin fikirlərinin və təcrübələrinin mübadiləsi istiqamətində elmi-praktiki fikirlərin səsləndirildiyi mühüm bir platforma olmuşdur.

Tədbirdə təminat qeydinin praktiki problemləri, daşınmaz əmlak hüquqlarının qeydiyyatı, mənzil tikinti kooperativlərinin fəaliyyəti ilə bağlı mövcud problemlər, onların həlli yolları, tikintisi başa çatmamış binalarda mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.