Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1194-cü maddələrinin həmin Məcəllənin 372-ci, 373-cü, 1166-cı, 1202.2-ci və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib

01 august 2024 | 14:15 58

Cari ilin 21 iyun tarixində Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1194-cü maddələrinin həmin Məcəllənin 372-ci, 373-cü, 1166-cı, 1202.2-ci və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxaraq qərar qəbul edib.

Qərarın qəbulu zamanı iş üzrə maraqlı subyektlərin, aidiyyəti qurumların mülahizələri, ekspert rəyləri araşdırılıb. Eyni zamanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən də baxılan məsələ ilə bağlı daxili qanunvericiliklə yanaşı xarici ölkələrin təcrübəsi araşdırılmaqla Konstitusiya Məhkəməsinə yazılı mülahizə təqdim edilib.

Həmin işlə əlaqədar qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və VII hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

Həmçinin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

Bundan əlavə qərarın mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından onun qüvvəyə qüvvəyə minməsindən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur.