Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 2.3-cü və 882-ci maddələrinin, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib

28 july 2023 | 17:46 59

Cari ilin 17 iyul tarixində Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 2.3-cü və 882-ci maddələrinin, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxaraq qərar qəbul edib.

Qərarın qəbulu zamanı iş üzrə maraqlı subyektlərin, aidiyyəti qurumların mülahizələri, ekspert rəyləri araşdırılıb. Eyni zamanda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən də baxılan məsələ ilə bağlı daxili qanunvericiliklə yanaşı xarici ölkələrin təcrübəsi ətraflı araşdırılmaqla Konstitusiya Məhkəməsinə yazılı mülahizə təqdim edilib.

Qərara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

Həmçinin qərarda nəzərdə tutulur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.