06 december 2024 | 17:42 125

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşəbbüsü ilə dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə açılış nitqi ilə çıxış edən HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov tədbir iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətinə toxunaraq, insan hüquq və azadlıqlarının qorunması sahəsində müasir dövrün tələblərinə cavab verən qanunvericiliyin  vacibliyini vurğulayıb. O, bu cür təşəbbüslərin hüquqi mühitin inkişafı və cəmiyyətin hüquq biliklərinin artırılması üçün mühüm rol oynadığını qeyd edib.

Samir Mahmudov, həmçinin bildirib ki, bu layihənin məqsədi yalnız hüquqi normativlərə dair elmi-praktiki izahlar təqdim etmək deyil, həm də cəmiyyətin, xüsusilə hüquq mühafizə orqanlarının və ictimaiyyətin həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması sahəsində daha dərindən məlumatlanmasını təmin etməkdir. İcraçı direktor  belə qanunların qəbul edilməsinin hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulmasına və insan hüquqlarının müdafiəsinin praktiki həll yollarının tapılmasına təkan verdiyini də qeyd edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair Elmi-Praktiki Kommentariyasının hazırlanmasını və İnstitutun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Ombudsman bildirib ki, belə kommentariyalar qanunvericilik prosesinin mahiyyətini və məzmununu açıqlamaq məqsədini daşıyır, həmçinin hüquq ictimaiyyəti və geniş auditoriya üçün nəzərdə tutulur. Bu cür vəsaitlərin məlumatlılığın artırılması baxımından da böyük əhəmiyyət kəsb etdiyini də qeyd edib.

Hüquqi sahədə spesifik və mürəkkəb normativ aktlarla bağlı tez-tez rast gəlinən suallar və praktik problemlərin həlli üçün elmi-praktiki şərhlərə və vəsaitlərə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Müzakirəyə təqdim olunan layihənin əhatəliyi, milli və beynəlxalq sənədlər, hüquqi presedentlər və xarici ölkə təcrübələri ilə zəngin olması da çıxışda əks olunub. Səbinə Əliyeva bu məlumatların daha da genişləndirilməsi və yenilənmiş qanunvericiliyin nəzərə alınmasının cəmiyyət üçün olduqca faydalı olduğunu bildirib.

O, həmçinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu Ombudsmanın fəaliyyətinə əsas istinad olunan və praktiki tətbiqi məsələləri monitorinq edilən mühüm sənəd kimi qiymətləndirib.

S.Əliyeva həmçinin qeyd edib ki, ölkə Prezidentinin insan hüquqları və azadlıqlarının daha səmərəli müzakirəsi üçün etdiyi çağırışlar və tövsiyələr, Ombudsmanın fəaliyyətinin əsas prioritet istiqamətlərini müəyyən edir. Dövlət başçısının bu sahəyə böyük diqqət ayırdığını bildirən Səbinə Əliyeva Ombudsman təsisatının Hüquq və İnsan Haqları İnstitutunun insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib və kommentariyanın bir sıra istiqamətdə daha da təkmilləşdirilməsini faydalı hesab edib.

Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitut tərəfindən həyata keçirilən mühüm işlər və yeni təşəbbüslər barədə tədbir iştirakçılarına ümumi məlumat verərək, İnstitutun insan hüquqlarının müdafiəsinin təşviqi sahəsində göstərdiyi fəaliyyətin əhəmiyyətini nəzərə çatdırıb. İdarə Heyətinin sədri İnstitutun hazırladığı kommentariya layihəsinin hüquqi təcrübənin və hüquqi mühitin inkişafına mühüm töhfə verəcəyinə, hüquqşünaslar, dövlət orqanlarının əməkdaşları və digər maraqlı tərəflər üçün praktiki təlimat funksiyasını uğurla yerinə yetirəcəyinə inandığını bildirib. Məhəmməd Quluzadə 50 maddədən ibarət olan Qanunun kommentariyasının hazırlanmasında İnstitutun 14 hüquqşünas tədqiqatçısının yarımillik zəhmətinin olduğunu xüsusi olaraq vurğulayıb. O, həmçinin İnstitut tərəfindən sözügedən Qanuna bir neçə təklifin hazırlandığını da qeyd edib. M.Quluzadə, bu cür hüquqi vəsaitlərin ölkə qanunvericiliyinin inkişafına müsbət təsir göstərəcəyinə inandığını da ifadə edib.

İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında kommentariyanın məqsədi, strukturu və məzmunu barədə ətraflı məlumat verərək, müvafiq Qanunda aşkar edilmiş boşluqlara dair münasibət bildirib. Həmçinin V.İbayev kommentariyanın yazılmasında çox sayda beynəlxalq sənədlərdən və məhkəmə qərarlarından istifadə edildiyini dəiştirakçıların diqqətinə çatdırıb.

Tədbirə Ombudsman Aparatının, Milli Məclisin, Baş Prokurorluğun, Ali və Konstitusiya Məhkəmələrinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının təmsilçiləri, həmçinin bir sıra ali təhsil müəssisələrinin alimləri, QHT və media nümayəndələri qatılıb.

Tədbir dəyirmi masa iştirakçılarının kommentariyaya dair verdikləri təkliflər ilə  davam etdirilib.