Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri Azərbaycan Respublikasının Ali Məhkəməsində keçirilən Elmi-məsləhət şurasının iclasında iştirak edib
Cari ilin 10 iyun tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Xüsusi hüququn ekspertizası şöbəsinin aparıcı mütəxəssisi Ziyəddin Əlizadə Ali Məhkəmədə “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusunda keçirilən iclasda iştirak edib.
İclasda, həmçinin Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və tanınmış hüquqşünaslar iştirak ediblər.
İclas zamanı Ali Məhkəmə tərəfindən milli qanunvericilik və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı yeni Plenum qərarının layihəsi müzakirə olunub. Müzakirə zamanı HEQT Mərkəzinin nümayəndələri Plenum qərarının layihəsi ilə bağlı öz rəy və təkliflərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tədbirin iştirakçıları tərəfindən təqdim olunan rəy və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyət kəsb etdiyi və layihənin mətninin təkmilləşdirilməsi zamanı nəzərə alınacağı qeyd olunub.