Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı elmi-praktiki komentariyanın təqdimatında iştirak edib
Cari ilin 8 iyul tarixində Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli Hüquq və İnsan Haqları İnstitutu tərəfindən keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatında iştirak edib.
Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə insan hüquq və azadlıqları sahəsində maarifləndirmənin İnstitutun qarşısında duran əsas prioritetlərdən biri olduğunu bildirib. Sözügedən qanunun 50 maddəsinin İnstitut tərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlandığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, ədliyyə polkovniki Vüqar Abışov İnstitutun bu sahədə həyata keçirdiyi məqsədyönlü fəaliyyəti, xüsusilə bu mövzu üzrə hazırlanmış nəşrin peşəkar ictimaiyyətə təqdim olunmasını yüksək qiymətləndirib.
İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova Kommentariyanın məzmunu barədə ətraflı məlumat verərək bildirib ki, nəşr beynəlxalq sənədlər və məhkəmə təcrübəsi əsasında hazırlanıb, həmçinin azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının müdafiəsi və beynəlxalq standartlara əsaslanması xüsusi diqqət mərkəzində saxlanılıb.
Tədbirin sonunda komentariyada qaldırılan məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.