Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Xorvatiyanın Zaqreb şəhərində keçirilən təlimdə iştirak edib
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Xüsusi hüququn ekspertizası şöbəsinin aparıcı mütəxəssisi Ziyəddin Əlizadə Avropa Şurasının dəstəyi ilə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Məlumatların Mühafizəsi Təcrübələri üzrə beynəlxalq təlim proqramında iştirak edib. Sözügedən təlimin proqramı Xorvatiyanın Fərdi Məlumatların Mühafizəsi Agentliyi (AZOP) tərəfindən təşkil olunub.
Belə ki, üç günlük təlim proqramı çərçivəsində Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Qaydası (GDPR), yenilənmiş 108+ saylı Konvensiya, onun icrası və milli qanunvericiliyə inteqrasiyası, eyni zamanda rəqəmsal idarəetmə ilə bağlı hüquqi və praktiki məsələlər müzakirə olunub. Həmçinin əlavə olaraq iştirakçılara Xorvatiyanın inzibati strukturu, məlumatların qorunması sahəsində GDPR-a uyğun olaraq fəaliyyət göstərən və ölkənin bu sahədə müstəqil nəzarət orqanı olan AZOP-un fəaliyyət istiqamətləri, institusional müstəqilliyi, səlahiyyətləri, eləcə də dövlət və özəl sektorlara nəzarət mexanizmləri, qəbul etdiyi qərarlar və tətbiq etdiyi uğurlu təcrübələr barədə ətraflı məlumat verilib.
Təlimdə AZOP-un dövlət orqanları ilə əməkdaşlığı, məlumatların qorunması və məxfilik hüququnun ifadə azadlığı və məlumat əldə etmək hüququ ilə balanslaşdırılması kimi aktual mövzular da müzakirə edilib.
Proqram çərçivəsində Avropa Şurasının Süni İntellekt üzrə Çərçivə Konvensiyası, Aİ-nin Süni İntellekt Aktı və Milli Süni İntellekt Qanunvericiliyi prosesində AZOP-un rolu barədə də təqdimatlar keçirilib.
Təlimin sonuncu günü Ədliyyə, Dövlət İdarəçiliyi və Rəqəmsal Transformasiya Nazirliyində keçirilən görüşdən sonra iştirakçılar Xorvatiya İnformasiya Komissarlığında yenidən bir araya gəlib. Görüş zamanı məlumatların mühafizəsi orqanı kimi Komissarlığın fəaliyyəti ilə tanış olub, onun roluna ümumi baxış keçiriblər.