Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini “Məhkəmə hakimiyyəti və hakimiyyətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

15 october 2025 | 12:22 631

Cari ilin 14 oktyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və hakimiyyətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlərin iştirak etdiyi konfransda çıxış edən rəsmilər hüquqi dövlət quruculuğunda hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsinin vacibliyi, məhkəmələrin demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqların, cəmiyyətin təməl dəyərlərinin qoruyucusu olması, bu vəhdətin hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaratması, həmin strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyətinin oynadığı roldan danışıb. Eyni zamanda  texnologiya, süni intellekt və sosial medianın sürətli inkişafının məhkəmələr qarşısında qoyduğu yeni imkanlar, həm də risklərə toxunulub, məhkəmə hakimiyyətinin rolunun əməkdaşlıq və qarşılıqlı anlaşma çərçivəsində fəaliyyət göstərməkdən ibarət olduğu qeyd olunub.

Daha sonra konfrans sual-cavab sessiyası ilə davam etdirilib.

Konfransda həmçinin təltifetmə mərasimi keçirilib.