Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru “LEGIS Hüquq Forum”unda iştirak edib
Cari ilin 5 fevral tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”unda iştirak edib.
Forumun açılış mərasimində PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, eləcə də PAŞA Holding-in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
Hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və panel müzakirələri zamanı yerli və beynəlxalq spikerlərin iştirakı ilə hüquq təhsilində islahatların vacibliyi və bu islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu, hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması, süni intellektin hüquq sahəsində artan rolu və hüquqi xidmətlərin gələcəyi mövzularında müzakirələr aparılıb.
Artıq ikinci ildir ki, Bakıda keçirilən forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.