Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılan “E-Hüquqşünas” hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib

07 may 2026 | 15:48 477

Cari ilin 7 may tarixində Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə E-huquqshunas.az  hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli iştirak edib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında yeni platformanın əhəmiyyətindən danışıb, “E-Hüquqşünas” layihəsinin hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacağını qeyd edib. O, müasir dövrün tələblərinə uyğun şəkildə hazırlanmış platformanın hüquqi informasiyaya operativ, etibarlı və rahat əlçatanlığı təmin edən innovativ bir resurs kimi çıxış edəcəyinə diqqət çəkib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov belə layihələrin hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirdiyini bildirib.

Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyası, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti və peşəkar hüquqşünaslar iştirak ediblər.

Təqdimat çərçivəsində portalın fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənilib, onun gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur. Saytın əsas fəaliyyət fəlsəfəsini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin inkişafına dəstək verilməsi və hüquqi maarifləndirmə vasitəsilə cəmiyyətin inkişafına töhfə verilməsi təşkil edir.