Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru İtaliya Respublikası Deputatlar Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə iştirak edib

03 july 2026 | 16:19 122

Cari ilin 2 iyul tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Hüquq və İnsan Haqları İnstitutunda keçirilən İtaliya Respublikası Deputatlar Palatasının Konstitusiya, Şura Sədrliyi və Daxili İşlər Məsələləri Komitəsinin sədri Nazario Paqanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə İtaliya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf dinamikası, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb. 

Görüş çərçivəsində nümayəndə heyətinə Mərkəz və İnstitutun fəaliyyət istiqamətləri, qanunvericilik prosesinin təkmilləşdirilməsi, habelə hüquqi ekspertiza sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı hüquq sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub, gələcək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə edilib.