Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

05 september 2026 | 17:29 92

Cari ilin 1-5 sentyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) İcraçı direktoru Samir Mahmudov və Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Xeyransa Əliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən Avropa Hüquq İnstitutunun (European Law Institute – ELI) İllik Konfransında iştirak edib.

Bu il keçirilən İllik Konfrans Avropa Hüquq İnstitutunun 15 illik, həmçinin Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutunun (UNIDROIT) isə 100 illik yubileyinin qeyd olunması ilə də əlamətdar olub.

Avropanın və dünyanın müxtəlif ölkələrindən qabaqcıl hüquq mütəxəssislərinin bir araya gəldiyi tədbirdə "Avropa və Qanunun Aliliyi: Mədəni Əlaqə və Hüquqi Dayanıqlılıq" mövzusu ətrafında panel görüşlər və müzakirələr keçirilib, konfrans çərçivəsində qanunun aliliyi və hüquq institutlarının sürətlə dəyişən dünyada necə dayanıqlı qala biləcəyi ilə bağlı müzakirələr aparılıb.

Panel müzakirələrdə xüsusi hüquqda qlobal və regional uyğunlaşma arasındakı qarşılıqlı əlaqə, müqavilə hüququnun harmonizasiyası, yeni texnologiyalar və dayanıqlılıq sahələrində hüquqi uyğunlaşma üçün ortaya çıxan çətinliklər, habelə mülki prosedur və mübahisələrin həlli məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın yaddaqalan məqamlarından biri də 4 sentyabr 2026-cı il tarixində Avropa Hüquq İnstitutunun Prezidenti Teresa Rodríguez de las Heras Ballell və HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov tərəfindən qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olub.

Memorandum çərçivəsində tərəflər arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, təlim proqramları, seminarlar və digər tədbirlərdə birgə iştirak, qanunvericilik layihələrinin, model qaydaların və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası, həmçinin əsaslandırma sənədləri və izahedici mətnlərin hazırlanması istiqamətində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq HEQT Mərkəzinin beynəlxalq hüquqi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Avropa hüquq məkanında mövcud yanaşmaların öyrənilməsi və qanunvericilik prosesinin müxtəlif istiqamətlərində beynəlxalq təcrübədən istifadənin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə konfrans, seminar, praktiki məşğələ və digər tədbirlərin təşkili, eləcə də tədqiqat materiallarının hazırlanması və nəşri sahəsində əməkdaşlıq edə biləcəklər.

Əməkdaşlığın əsas məqsədlərindən biri hüquq və qanunvericilik sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi vasitəsilə peşəkar potensialın inkişafına, hüquqi tədqiqat və normayaratma fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verməkdir.

Məlumat üçün qeyd olunur ki, HEQT Mərkəzi 15 yanvar 2025-ci il tarixdə Avropa Hüquq İnstitutunun institusional üzvlüyünə qəbul olunub (https://heqt.gov.az/az/news/view/147).