Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı “Məişət zorakılığı törədən şəxslərlə bağlı cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda seminarda iştirak edib

01 october 2026 | 17:32 56

Cari ilin 30 sentyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Publik hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Günay Səlimova Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində baş tutan seminarda iştirak edib.

Seminarda Avropa Şurasının beynəlxalq və milli ekspertləri, İspaniya Daxili İşlər Nazirliyinin penitensiar sisteminin nümayəndəsi, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və qadın sığınacaqlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində məişət zorakılığı törədən şəxslərlə bağlı cavab tədbirlərinə dair beynəlxalq standartlar və İspaniya təcrübəsi təqdim olunub, həmçinin Azərbaycanda mövcud qanunvericilik və institusional çərçivə ilə bağlı müzakirələr aparılıb.

Seminarın əsas məqsədi Azərbaycanda məişət zorakılığı törədən şəxslərlə iş üzrə qanunvericilik və institusional yanaşmaları beynəlxalq standartlar və yaxşı təcrübələr əsasında nəzərdən keçirmək, İspaniya təcrübəsinin Azərbaycan kontekstinə uyğun elementlərini müəyyənləşdirmək, mövcud səlahiyyətləri, yönləndirmə mexanizmlərini və qurumlararası əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, habelə gələcək qanunvericilik tövsiyələrinin və layihə fəaliyyətlərinin hazırlanması üçün hüquqi, institusional və siyasət sahələrində prioritet məsələləri müəyyən etmək olub.