Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində vakant vəzifələr üzrə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
Cari ilin 21 noyabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində elan olunmuş vakant vəzifələr üzrə müsabiqənin yazılı imtahan mərhələsi keçirilib. İmtahanda ümumilikdə 36 namizəd iştirak edib.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində və Hüquq və İnsan Haqları İnstitutunda keçirilən imtahan test və kazus tapşırıqları olmaqla iki formatda təşkil olunub.
Test sualları Azərbaycan Respublikasının Konstitusiyasını, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununu, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, inzibati və inzibati prosessual qanunvericiliyi, eləcə də müvafiq sahələr üzrə digər qanunvericilik aktlarını əhatə edib. Kazus tapşırıqları isə mülki və cinayət qanunvericiliyi üzrə tərtib olunub.
Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir. Növbəti mərhələdə yazılı imtahandan uğurla keçən namizədlərin müsahibədə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, bu, Mərkəzin fəaliyyətə başladığı vaxtdan vakant vəzifələrin tutulması üzrə keçirdiyi üçüncü müsabiqədir. Müsabiqə Mərkəzin peşəkar kadr potensialının formalaşdırılması və müvafiq vəzifələr üzrə ən uyğun namizədlərin seçilməsi məqsədinə xidmət edir.