Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib

22 january 2023 | 11:10 483

21 yanvar 2023-cü il tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2022-ci il 13 iyun tarixində Şuşa şəhərində keçirilən ilk iclasda Mərkəzin qarşısına qoyulan hədəflər və Mərkəzin fəaliyyətinə dair tələblər haqqında iştirakçıları məlumatlandırdı.

Daha sonra, Mərkəzin İcraçı direktoru Samir Mahmudov çıxış edərək, 2022-ci il ərzində Mərkəzin fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verdi. İlk növbədə bildirildi ki, Mərkəz tərəfindən normayaratma sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi məqsədilə 2 mərhələdən (test və şifahi müsahibə mərhələlərindən) ibarət müsabiqə elan edilmişdir. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş 300-dən artıq hüquqşünas arasından 58 nəfər seçilərək müsabiqənin birinci mərhələsinə dəvət edilmiş, ikinci mərhələdə iştirak hüququ qazanmış 19 namizəddən isə 8-i seçilərək yekunda işə qəbul edilmişdir.

Qeyd olundu ki, Mərkəzin işçi heyəti formalaşdırıldığı gündən Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun şəkildə vəzifələrinin icrasına başlamış, öz fəaliyyətinin təşkili, maddi-texniki bazasının formalaşdırılması istiqamətində işlər görmüş, normativ hüquqi aktların  layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılmasında iştirak etmişdir. Mərkəzin əməkdaşlarının normayaratma sahəsində praktiki bilik və vərdişlərinin artırılması məqsədilə Tvinninq və TAIEX proqramına müraciət imkanları öyrənilərək müraciət paketi hazırlanmışdır. Həmçinin, əməkdaşların müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən təlimlərə cəlb edilməsi təmin edilmişdir.

Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək İnstitutun 2022-ci il üzrə fəaliyyətinə dair illik hesabatı iştirakçıların diqqətinə çatdırdı. O bildirdi ki, İnstitutun fəaliyyətinin səmərəli təşkili məqsədilə işçi heyətin komplektləşdirilməsi həyata keçirilmişdir. Həmçinin, İnstitutun təşkilatçılığı ilə insan hüquqları sahəsində, insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması və süni intellekt və inkişaf edən texnologiyalar dövründə fərdi məlumatların qorunması məsələləri ilə bağlı müxtəlif təlimlər təşkil edilmişdir. İnstitut tərəfindən növbəti dövr ərzində də insan hüquqları sahəsində, insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması istiqamətində təlimlərin keçirilməsi və hüquqi maarifləndirmə işlərinin aparılması planlaşdırılır.

Daha sonra Müşahidə Şurasının digər üzvləri çıxış edərək, İnstitutun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini verdilər. İnstitutun 2022-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab edildi.