Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində dövlət orqanlarının əməkdaşlarına təlim keçirib

10 april 2023 | 10:40 466

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq Mərkəz tərəfindən cari ilin 3 - 7 aprel tarixlərində 11 mərkəzi icra hakimiyyəti orqanının hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlimdə normayaratma prosesinin mərhələləri, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar, normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər, normayaratma texnikası, hüquqi akt layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən  sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası, habelə normayaratma fəaliyyətindən irəli gələn digər məsələlər barədə ətraflı məlumat verilmiş, hüquqi akt layihəsinin hazırlanması, nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə praktik iş aparılmışdır.