Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına növbəti təlim keçirib

30 october 2023 | 11:15 654

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”nə uyğun olaraq HEQT Mərkəzi tərəfindən cari ilin 23 - 27 oktyabr tarixlərində 22 yerli icra hakimiyyəti orqanının hüquq sahəsində fəaliyyət göstərən 24 əməkdaşına hüquqi biliklərinin və təcrübələrinin artırılması üçün normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlim keçirilmişdir.

Təlim ərzində normayaratma prosesində əsas xüsusatlar, hüquqi aktların növləri və qəbul edilmə xüsusiyyətləri, hüquqi aktların kolliziyası, hüquqi boşluqlar və onların aradan qaldırılması üsulları, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanmasına dair ümumi tələblər və onun normayaratma texnikasına uyğunluğunun təmin edilməsi, yerli icra hakimiyyəti orqanının qərar layihəsinin məcburi hüquqi ekspertizasının, o cümlədən sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi qaydaları və nəticələrinin rəsmiləşdirilməsi, yerli icra hakimiyyəti orqanının qərarlarının dərc edilməsinin, qüvvədə olmasının, şərh edilməsinin və sistemləşdirilməsinin xüsusiyyətləri, habelə digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Təlimin sonucu günü qeyd olunan mövzularla əlaqədar iştirakçılarla geniş müzakirələr aparılmış, həmçinin yerli icra hakimiyyəti orqanının qərar layihəsinin hazırlanması, məcburi hüquqi ekspertizasının aparılması, nöqsan və çatışmazlıqlarının aşkar edilməsi üzrə praktik iş yerinə yetirilmişdir.