“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun ilk iclası keçirilib

18 december 2023 | 11:00 981

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 15 dekabr tarixində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun ilk iclası keçirilmişdir. İşçi qrupu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılmışdır.

İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, işçi qrupun rəhbərliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Apelyasiya Məhkəməsi və digər dövlət orqanlarının (qurumlarının) məsul şəxsləri, universitetlərin, hüquq şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də vəkillər və mülki hüquq sahəsinin ekspertləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, ölkəmizdə iqtisadi sahədə münasibətləri, o cümlədən biznes fəaliyyətini tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi ölkədə biznes mühitinin və bir sıra beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcəkdir.

Daha sonra iclasa rəhbərlik edən işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikası Mülki Məcəlləsinin müasir dövrün tələblərinə uyğunlaşdırılaraq modernləşdirilməsinin, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsinin, ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və bu sahədə mütərəqqi tənzimləmənin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulamışdır.

İclasın gedişatında iştirakçılar tərəfindən işçi qrupun 2024-cü il üzrə fəaliyyət planı müzakirə edilmiş və həmin ildə ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə konsepsiya sənədinin hazırlanması razılaşdırılmışdır.