Kiçik elektrik nəqliyyat vasitələri ilə bağlı hüquqi tənzimlənmə müəyyən edilib

13 december 2024 | 16:31 162

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanunu  ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə kiçik elektrik nəqliyyat vasitəsi, onun hərəkətinə dair tələblər, sürücüsünün vəzifələri, operatorların fəaliyyətinə dair tələblər, habelə müvafiq tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan dəyişikliklər edilib.

Sözügedən Qanuna əsasən kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan, təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;  oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan, oturacağı olmadığı halda isə 70 sm-dən az olmayan; sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan; xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan fərdi mobil nəqliyyat vasitələridir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə kiçik elektrik nəqliyyat vasitəsini və ya arabanı idarəetmə hüququ 14 yaşdan yaranır və onun idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmur.

Kiçik elektrik nəqliyyat vasitəsinin sürücüsü bu nəqliyyat vasitəsi ilə sərnişin daşımamalı, nəqliyyat vasitəsini onlar üçün nəzərdə tutulmuş yerlərdə parklamalı və velosiped yollarında saatda 20 kilometrdən, yaşayış zonalarında, park və həyət ərazilərində isə saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir.

Eyni zamanda kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri xarici işıq cihazlarını yandırmalıdırlar. Sürücülər həmçinin, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidirlər.

Sözügedən Qanunda kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri və operatorlarının (yəni kiçik elektrik nəqliyyat vasitəsini icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkar) əməl etməli olduğu digər tələblər də müəyyən edilmişdir (46-1 və 46-2-ci maddələr).

Sözügedən münasibətlərin hüquqi tənzimlənməsinin tamlığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq tələblərin pozulmasında təqsirli olan şəxslərin məsuliyyəti  müəyyən edilmişdir.

Belə ki, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat (338.4-1-ci maddə), həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək (338.7-ci maddə), həmin xətanın alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə 150 manat (338.8-ci maddə), narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə 200 manat (338.9-cu maddə), kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək, həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək (338-1-ci maddə), kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə  isə 10 manat məbləğində (346-1.7-ci maddə)  cərimə nəzərdə tutulmuşdur.