Şəxsiyyət vəsiqəsində, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatların təqdim edilməsi rəqəmsallaşdırılıb

23 december 2024 | 14:52 105

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsində, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar  Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata əsasən bundan sonra vətəndaşlar “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək.

Eyni zamanda şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.