Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə bir sıra hüquqi aktlar qəbul edilib

28 december 2024 | 14:07 86

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq  Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. Cari il üçün ehtiyac meyarının həddi isə 270 manat idi.

Məlumat üçün bildirilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Eyni zamanda, həmin Sərəncamla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləğinin 320 manata çatdırılmasına dair təkliflərin 1 ay müddətində, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin isə 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır.

Bundan başqa həmin Sərəncamla Nazirlər Kabinetinə verilən tapşırıqlardan biri də  Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində 2025-ci il yanvarın 1-dən müəyyən olunacaq minimum aylıq əməkhaqqının məbləğinə uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlıdır.