“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara birdəfəlik müavinətin verilməsi ilə bağlı dəyişiklik edilib

22 may 2025 | 16:23 36

Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunu ilə (bundan sonra – Qanun) “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin altıncı hissəsi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir. Həmin müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanı ilə 2600 (iki min altı yüz) manat müəyyən edilib (2-ci hissə).

Dəyişiklik edilən maddənin əvvəlki redaksiyasında isə həmin şəxslərə ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsini bitirdikdə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaitinin verilməsi nəzərdə tutulurdu.

Qeyd olunmalıdır ki, sözügedən müavinətin verilməsi ilə bağlı Qanunun 1-ci maddəsi  2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunun qüvvəyə mindiyi tarixədək (01.04.2025) təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil olunmur (2-ci maddə).