“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu ilə 16 yaşadək şəxslərin bəzi sosial şəbəkə platformalarında qeydiyyatına məhdudiyyət müəyyən edilib
Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarına dəyişikliklər edilib.
Dəyişikliklərdən irəli gələn yeni qaydalara əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında hesab açmalarına yol verilməyəcəkdir (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun (bundan sonra – Qanun) 13-4.1-ci maddəsi). Bu məhdudiyyət yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən siyahısı müəyyən ediləcək platformalara şamil olunacaqdır (Həmin Qanunun tətbiq edilməsi barədə Fərmanının 2.4-cü bəndi).
Həmçinin nəzərə alınmalıdır ki, yeni qaydalar uşaqların tamamilə internetdən istifadəsini məhdudlaşdırmır. Belə ki, həmin məhdudiyyətlərin təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlər üçün istifadə olunan platformalara tətbiqi nəzərdə tutulmur (Qanunun 2-ci maddəsinin birinci hissəsinin otuz altıncı abzası).
Qeyd edilməlidir ki, yeni qaydalarda sözügedən platformalarda uşaqların qeydiyyatı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xüsusi tələblər müəyyən edilmişdir. Belə ki, hesabın yaradılması zamanı istifadəçinin yaşının bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsinə dair məlumatlar əsasında yoxlanılması nəzərdə tutulur. Bundan başqa, istifadəçi 16–18 yaş arasında olduqda qeydiyyat qanuni nümayəndənin razılığı əsasında həyata keçirilir. Eyni zamanda həmin qanuni nümayəndə sözügedən şəxsin hesabında göstərilən məzmun və reklamların dairəsini, eləcə də platformadan istifadə saatlarını idarə edə biləcəkdir (Qanunun 13-4.2–13-4.6-cı maddələri).
Bununla yanaşı, yeni qaydalarda yaşın yoxlanılması zamanı fərdi məlumatlardan sui-istifadənin qarşısının alınması məqsədilə həmin məlumatların işlənilməsinə dair ayrıca məhdudiyyətlər də nəzərdə tutulmuşdur. Belə ki, bu məqsədlə toplanmış fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və hədəfli reklam məqsədləri üçün istifadəsi qadağan edilmişdir. Bu baxımdan sözügedən qaydalarda yoxlama başa çatdıqdan dərhal sonra yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (bundan sonra – provayder) tərəfindən həmin məlumatların silinməsinin təmin edilməsi nəzərdə tutulur (Qanunun 13-4.8-ci və 13-4.9-cu maddələri).
Eyni zamanda yeni qaydalara əsasən provayderlərin üzərinə uşaqların fərdi məlumatlarının qorunması və platformalardan təhlükəsiz istifadəsinin təmin edilməsi ilə bağlı əlavə öhdəliklər də qoyulur. Provayderlər 16–18 yaşlı uşaqları zərərli məzmundan və digər rəqəmsal təhlükələrdən qorumalı, belə məzmunun yayılmasını isə ən geci 24 saat ərzində dayandırmalıdırlar (Qanunun 13-4.11-ci və 13-4.12-ci maddələri).
Həmçinin qeyd edilməlidir ki, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları üzrə qanunvericiliyin tələblərinin müvafiq platformaların provayderləri tərəfindən pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq ediləcəkdir (İnzibati Xətalar Məcəlləsinin 388-4.1-ci – 388-4.4-cü maddələri).
Məlumat üçün bildirilir ki, müvafiq sahəni tənzimləyən yuxarıda qeyd edilən yeni qaydalar 2027-ci il avqustun 5-dən etibarən qüvvəyə minəcək. Bununla əlaqədar, həmin tarixdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud hesablara girişin məhdudlaşdırılması, eləcə də şəxsin 16 yaşının tamam olması təsdiqlənmədikdə, ona məxsus hesab və fərdi məlumatların silinməsi həyata keçiriləcəkdir (431-VIIQD nömrəli Qanunun 4-cü maddəsi).